psixoloq.info » Maraqlı » Məqalələr » Gənc ailələrin boşanma səbəbi

Gənc ailələrin boşanma səbəbi

Nurlan 1 188
Sevdiyi şəxslə ailə qurub son nəfəsinə kimi onunla xoşbəxt yaşamaq hər kəsin xəyalıdır. Əgər böyüklər də bu sevgini dəstəkləyirsə, o zaman imzalar atılır, arzu reallaşır, yəni- ailə qurulur. Bəs sonra?
Çəhrayı rəngə bürünmüş həyatın həqiqi üzü bu sonralarda özünü biruzə verir. Kimisinə elə daima olaraq çəhrayı qalır, kimisinə görə isə qısa müddət ərzində qara rəngə bürünür. Məhəbbətdən «gözləri kor olmuş» bəzi sevgililər qovuşduqdan az sonra bir-birlərinin mənfi və ya müsbətlərinin şahidi olur. Cütlüklər arasında yaranan maddi çətinlik, duyğusal ehtiyaclarının qarşılanmaması və digər kiçik anlaşılmazlıqlar nəticəsində böyük mübahisələr yaranır. Bu zaman: «Mən belə düşürmürdüm!» və ya «Mən bu həyata öyrəşməmişəm!» - cümlələri demər olar ki, hər gün səslənməyə başlayır. Sevgiləri uğurunda mübarizə aparanlar qovuşduqdan sonra qarşılaşdıqları problemləri dəf etməkdə çətinlik çəkir, artıq ayrılmağı planlaşdırır, boşanma haqqında düşünürlər.
Son zamanlar istər televiziya, istər qəzet, istərsə də sosial şəbəkələrdə yer alan ən qlobal mövzulardan biri də ölkəmizdəki boşanma halları və ondan sonra yaranan bir sıra problemlərlə əlaqəlidir. Düzdür, 2012-ci ilin əvvəlinədək Dövlət Statistika Komitəsi boşanma saylarının yalnız rəsmi rəqəmlərini göstərə bilirdi. Qeyri-rəsmi ailə quranların boşanmaları müəmmalı olmaqla yanaşı, həm də «qohumlar» arasında nəinki maddi-mənəvi problemlər də yaradırdı. Lakin Qafqaz Müsəlmanlar İdarəsinin dövlətlə birgə hazırladığı qanuna əsasən, indi heç bir axund və ya molla rəsmi nigahı olmayanlara kəbin kəsə bilməz, əks halda məsuliyyətə cəlb olunacaqlar.
Qeyri-adi səslənsə də, avropalaşmağa səy göstərən gənclərimiz sanki bu sözün mənasını Avropa ölkələrində adi qarşılanan boşanma kimi qavrayır, ailələrini dağıtmaq üçün rəqabət aparırlar. Ailə kiçik dövlətdir, bu gün onu qoruya bilməyən, böyük millətini heç qorumaz. Düşünürəm ki, bu cür məsələləri təhsil ocaqlarında tədris edərək gəncləri mütailəyə həvəsləndirməli, tarix boyu işğala məruz qalmasına rəğmən, varlığını hələ də sübut etdirən qüdrətli Azərbaycanı qorumaq üçün ilk olaraq "kiçik dövləti" - ailəni yaşatmaqla başlamalıyıq.
Yəqin ki, psixoloqlarımız mənimlə razılaşar ki, son zamanlar onlara müraciət edənlər arasında yeni ailə quranlar daha çoxluq təşkil edir.
Elə isə buna səbəb nədir?
Zənn edirəm ki, qısamüddətli evliliyə, boşanmalara səbəb müasir gənclərin ailə qurmadan öncə qarşı cinsin psixologiyası, evliliklə bağlı mütaliə etməməsidir. Ümumiyyətlə, son illər insanların mütaliəyə az marağının nəticəsidir ki, bəşəriyyət bir sıra problemlərlə doludur. Mütaliə edən şəxs gözəl nitqə, mədəni davranışa, yüksək intiliektə sahib olur ki, bu da istər karyera, istər ailədə - hər mühitdə insanı hörmət sahibi edir, şəxsiyyətini ucaldır, sevdirir.
Gəlin etiraf edər ki, indiki bəzi gənclərimiz – xüsusən də qızlar - təhsildən çox ailə qurmağı düşünür, hətta deyərdim ki, bir çox yeniyetmələrimiz illər boyu xəyal etdiyi müəllim, həkim, vəkil və s. xəyallarından vaz keçib, sevdiyi gəncə qovuşmaq naminə uğurlu gələcəyini göz qırpmadan qurban verirlər. Bu kimi hadisələrə hər il rast gəlinir.
Gənclərimizin erkən nigaha həvəsinin nəticəsidir ki, hər gün məhkəmə qarşısında gözyaşları tökülür, qohumlar yadlaşır. Əgər təhsil olacaqlarında yeniyetmələrə ailə nədir, ailə necə qurulur, ailəni necə qorumalıyıq- mövzularında məlumatlar verilərsə, ümid edirəm ki, boşanmaların da sayı qismən azalar.
Qonşu ölkələrdə nigahdan öncə "Evlilik danışmanı" kimi xidmətlər var. Ən azı ailə quran şəxslər bura müraciət edir, gələcəkdə qarşılaşacağı çətinliklərlə məlumatlandırılır, bununla bağlı gənclərə kitablar məsləhət görülür.
Probelmsiz xoşbəxtlik yoxdur. Əgər etdiyimiz və ya edəcəyimiz mütaliələr əsasında bu çətinliklərdən qurtulsaq, mübariz olsaq, mütləq əbədi sevincə nail olacağıq. Mübahisəsiz ailə, emosiyasız həyat yoxdur. Seyid Əzim Şirvani gözəl deyib: "Rütubət dəmiri yeyən kimi, qəm və kin də ürəyi yeyir."
Əziz oxucular, ailədaxili mübahisələrə son verin, boşanmaq üçün deyil,qovuşmaq naminə mübarizə aparın. Unutmayın ki, bu zaman övladınızın psixologiyasına mənfi təsir etməklə yanaşı, onun xoşbəxt gələcəyini məhv edirsiniz.
Dağılmaq üzrə olan ailəni xilas etmək üçün hər iki tərəf mübarizə aparmalıdır. Boşanmağı düşünəcəyinizə, söz-söhbətə son verməyin yollarını araşdırın. Bəlkə də bunun həlli xəyal etdiyiniz kimi heç də çətin deyil. Yetər ki, bunu istəyin və işin ciddiliyinin fərqinə varın.
Ailədə bir qadın yoldaşı ilə necə, hansı tonda danışacağını bilməlidir.
Unutmayın, əgər yoldaşınızla aranızda mübahisə yaransa və siz evi tərk etsəniz, o, xoşbəxtliyi başqa qadında axtaracaq. Hər bir ailəli qadının rəqibi çoxdur.
Çalışın ilk ginlərdə olduğu kimi romantikliyinizi davam etdirəsiniz. Bir mövzunu müzakirə edin, imkan varsa yeməyi restoranda yeyin, yoxdursa şam yeməyindən sonra birliikdə gəzməyə çıxın.
Gülərüzlüyü həyatınızdan əksik etməyin. Unutmayın ki, qaş-qabaq kişiləri xanımlarından uzaqlaşdırır.
Daima qarşı tərəfi günahlandırmayın. Onun və yuvanız üçün nələr etdiyinizi, amma əslində nələr etməniz lazım olduğunu düşünün.
Qadınlar həyat yoldaşları ilə rəfiqəsi kimi rəftar edərsə, qarşısında qadın varmış kimi cümlələr qurarsa, onu itirə bilər. Kişilər dedi-qodunu sevməz.
Qətiyyən yoldaşınızla güc yarışına girməyin. İstər şifahi, itərsə də əməli olaraq. Onunla dialoq qurarkən ərinizi gücsüz, qeyri-kafi hiss etdirəcək cümlə qurmayın və onu təndiq etməyin.
Unutmayın ki, bir kişinin tənqidini qəbul edəcəyi yeganə qadın, anasıdır.
Yoldaşınızı günahlandırmayın. Kişilər süçlandıqları zaman özlərini qeyri-kafi hiss edərlər.
Evə gec gəldiyində səsinizi yüksəltməyin. «Harada qalmısan?» - deyə, narahatçılığınızı bildirməyə çalışarkən, onun eşitdiyi cümlə fərqi olacaq.
Kişilərin qəlbini qazanmanın ən asan yollarından biri də onları təqdir etməkdir. Hətta onda olmayan üstünlükləri varmış kimi ona davranırsanız qısa müddətdən sonra o cür rəftar edəcək. Burada əhəmiyyətli olan nöqtə təqdir etməklə şişirtmək arasındakı incə xəttə diqqət etməkdir. Unutmayın, onu nə qədər tərifləsəniz, əriniz də sizi o qədər sevəcək.
Xoşbəxt və dinc evliliklərin incə nöqtəsi cütlüklərin bir-birinə mənfiliklərini necə deməyin sirridir. Yoldaşınızın xoşagəlməyən davranışını bir kişi kimi deyil, bir qadın kimi ağıllıca, zərifcəsinə, səsini yüksəltməyərək, sanki zümzümə edərcəsinə qulağına pıçıldayın.
Ərinizi heç bir kişi ilə müqayisə etməyin. Kişilər xanımlarının yanında tək və xüsusi olmaq istəyərlər. Hətta Molla Nəsrəddin belə, həyat qurduğu çəpgöz xanımına: «Hər şeyi iki görə bilərsən, amma ərini bir görməlisən!»,- demişdi.
Evinizin içində vizuallığa diqqət edin. İndiki qadınlarının çoxu bazara gedərkən xarici görkəmlərinə göstərdiyi diqqəti, evində həyat yoldaşının yanında göstərmir. Xamınlarına xəyanət edən kişilərin böyük qismi, arvadından daha gözəl bir qadınla deyil, daha baxımlı qadınla aldadırlar.
Unutmayın, ən gözəl qadın ağzından çıxan sözlərlə çirkinləşə və ya əksinə, ən çirkin qadın danışıq tərzi ilə gözəlləşə bilər.
Bir qadın əgər istəsə yoldaşına istədiyini etdirə bilər. Kişilərin ən zəif nöqtələrindən biri də xanımlarının sevgiləridir ki, qadınlar bundan bixəbərdir. Elə buna görə xanımlar evliliyin ilk aylarından yoldaşları ilə inadlaşmağa başlayır, sanki həyat yoldaşını rəqib görürlər.
Hörmətli bəylər, sizlərə gəlincə, unutmayın ki, qadın və kişi yaradılışı hər baxımdan fərqlidir. Ona görə də bu iki cins fərqli bədən dilinə sahibdir.
Bəlkə də indi bəzi bəylər: «Kompliment ediləcək heç nəyi yoxdursa...»- deyə fikirləşir. Öncəliklə bu mümkün deyil. Haqlı olsanız belə, edəcəyiniz iltifat onu düşündürəcək və o cür olmağa çalışacaq. Belə bir deyim var: «Bir insana 40 gün dəli desən, sonunda həmin şəxs elə olar».
Qadınlar danışmağı, yaşadıqlarını paylaşmağı sevərlər. Axşamları evə gəldiyiniz zaman arvadınıza müəyyən vaxt ayırın. Mütləq onu dinləyin. Əlinizdə qəzet, qarşınızda televizor olaraq deyil, gözlərinə baxaraq ona əhəmiyyət verərək, bunu hiss etdirərək dinləyin və öz fikirinizi söyləyin.
Heç vaxt yalandan dinləyir kimi etməyin. Kişi xarakterinə yad olduğu üçün bəlkə də öncələri çətinlik çəkəcəksiniz, amma düşünün ki, xanımınızın buna ehtiyacı var. Qadınlar təfərrüata diqqət edərlər. Qadınların tək və böyük ehtiyacı dinlənilməkdir.
Xanımınıza nə qədər maraq göstərsəniz, dinləsəniz onu daha çox sevdiyinizə inanacaq. Buna görə onu dinləməklə yanaşı, xanımınızdan sevgi mənalı cümlələri əksik etməyin.
Onun qəlbini qırdığınız zaman yenidən sevgisini qazanmağınız adi bir kəlmə mehriban sözdən asılıdır.
Bu qədər, sevimli oxucular. Alman filosofu İ.Kant gözəl deyib: "Əsl sevinc zəhmətdən sonrakı istirahətdir". Acını dadmadan, şirinin ləzzətini qiymətləndirmək olmaz. Odur ki, sevginizin qədrini bilin, ailənizə ciddi yanaşın, acısını, şirinini bərabər yaşayın ki, məhəbbətiniz üzünömürlü olsun. Qarşınızdakı şəxsə düşmən deyil, yar kimi baxın və ona dəyər verin.

Məqaləni paylaş

Rəyini bildir