psixoloq.info » Maraqlı » Məqalələr » Övlad sevgisi

Övlad sevgisi

Nurlan 1 557
Valideyn olmaq dünyanın ən çətin, ən məsuliyyətli və eyni zamanda ən gözəl vəzifələrindən sayılır. Övlad sahibi olmaq elə gözəl bir duyğudur ki, körpən üçün keçirdiyin yuxusuz gecələr, min bir əzab-əziyyət insana yenə də şirin gəlir. Onun gəlişi ailəyə bir dünya sevinc, yeni bir xoşbəxtlik, sevgi, nur, ruzi-bərəkət bəxş edir. Bəzən dağılmaqda olan bir ailəni körpə qığıltısı xilas edir, onun məsum baxışları anlaşa bilməyən ər-arvad arasında yeni bir məhəbbət yaradır, valideynin övlad sevgisi nur selinə çevrilib ailə ocağını işıqlandırır. Övladın gəlişi ilə sanki ana-atanın ömrü təzələnir, həmin təqvim ailə üçün ənənəvi bayrama çevrilir.

Deyirlər uşaq səsi gələn evdə sevinc, ruzi əksik olmaz. Uşaqları cənnətin sakinləri adlandıran və onlara böyük sevgi bəsləyən İslam dini hər bir valideynə övladı dünyaya gəldiyi gündən bəzi əməlləri yerinə yetirməyi vacib buyurub. Qısaca olaraq onları nəzərdən keçirək:

Allah hər bir bəndəsinə övlad əta edirsə, müstəhəbdir ki, o şəxs imkan daxilində şükür əlaməti olaraq bu nemətin müqabilində yaxınlarına qonaqlıq, ehsan versin. Bundan əlavə körpə dünyaya gələrkən mütləq qüsullanmalı və onun təvəllüdünün yeddinci günü peyğəmbərimiz (s) buyurduğu kimi sağ qulağına Azan, sol qulağına isə İqamə deyilməlidir. Müqəddəs hədisə görə, bu əməl şeytanı uşaqdan uzaqlaşdırar. Dinimizin digər şərtlərindən biri də budur ki, yeni dünyaya gəlmiş körpənin təvəllüdünün yeddinci günü onun saçı qırxılmalı və həmin tüklərin çəkisi qədər qızıl (və ya gümüş) fəqirlərə sədəqə verilməlidir. Övladın sağlam olması üçün qurbanlıq və oğlan uşaqlarının paklığı üçün isə sünnət vacib hesab edilir. İslami sünnətə əsasən qız uşaqlarının qulaqları deşdirilməlidir. Günümüzdə də peyğəmbərimizin sünnəti sayılan bu əməl əvvəllər oğlanlara da şamil edilirdi. Hətta peyğəmbərimiz sevimli qızı Həzrəti Fatiməyə göstəriş vermişdi ki, Həsən və Hüseynin də qulaqlarını deşsin.

Bütün bu gözəl adətləri yerinə yetirərək Allahın rəhmətini qazanmaq, o əvəzolunmaz gözəl duyğuları yaşamaq və ən əsası övlad sahibi olmaq hər bir valideynin ən ülvi arzusudur. Övlad tərbiyyə etmək, onun qayğısına qalmaq böyük səbir, dözüm və əziyyət tələb etsə də, hər kəs Allahın bu şirin nemətinə sahib olmaq arzusundadır. Bunun üçün göz yaşı töküb, gecəsini-gündüzünü dualarla keçirən, bir çox müalicələr alan insanlardan fərqli olaraq, əfsuslar olsun ki, bu gözəl duyğuların dəyərini dərindən dərk etməyən, körpəsini elə bətnindəcə məhv edənlər də az deyil. Hətta psixoloqların dediyinə əsasən, körpələr bunu hiss edir və məhv olmamaq üçün ana bətnində bir künçə sıxılırlar. Əlbəttə, bu həm cinayət, həm də dinimizə görə böyük günahdır. Heç bir səbəb insana bətnindəki körpəni məhv etməsi üçün bəraət qazandıra bilməz. Hətta kasıblıq belə. Çünki Allah-Təala "Ənam" sürəsinin 151-ci ayəsində Rəsuluna belə buyurur: "De: "Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk..." Bəzi ailələr bunun günah olduğunu anlasalar da bu addımlarını ya maddi durumları, ya da körpənin cinsiyyəti ilə əlaqələndirirlər. Baxmayaraq ki, İslamın yüksək sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq, hələ də cahiliyyət dövründə olduğu kimi qız övladı istəməyən valideynlər ("ata"lar) də az deyil.

Halbuki dinimiz qız övladlarına oğlanlardan daha çox sevgi, məhəbbət göstərməyi, oğlanları qızlardan üstün hesab etməməyi tövsiyə edir. Yəqin ki, bilirsiniz, Allahın sevimli Rəsulu Muhəmmədin (s) heç oğlu olmayıb. Hətta rəvayətə görə, peyğəmbərimizin (s) xanımı Həzrət Xədiceyi-Kubra hamilə olarkən Muhəmməd (s) hər gün "Hira" dağına gedib ibadət edər və Allahdan ona əməlisaleh bir ovlad nəsib etməsini diləyərmiş. Və bir gün Cəbrail (ə) Allahın salamını peyğəmbərə çatdırdıqdan sonra ona Behiştdən gətirdiyi almanı verir. Peyğəmbər almanı sinəsinə sıxır və iki yerə bölünən almadan nur saçılır. Bu an Cəbrail (ə) buyurur: "Ya Rəsuləllah, bu nur bir xanımdır ki, onun göylərdəki adı Mənsurə, yerdəki adı isə Fatimədir".

Odur ki, heç bir ata qızı olduğu üçün utanmamalı, bunu özünə rüsvayçılıq bilməməlidir. Tam əksinə, sevinməli və şükür etməlidir, çünki qızını gözəl şəkildə (dini adətlərə uyğun, əxlaqlı) tərbiyə edən ata mütləq Cənnəti qazanar. İmam Sadiq (ə) hədislərinin birində buyurur: "Qızlar həsənə, oğlanlar isə nemətdir. Həsənələrə görə səvab verilər, nemətlərdən sual olunar".

Oğlan uşaqlarına nisbətən qızlar həssas və kövrək olduqları üçün onların daha çox nəvazişə ehtiyacları var. Düzdür, dinimiz övladlar arasında fərq, imtiyaz qoymağın əleyhinədir, əsas odur ki, sağlam olsun. Sevimli imamımız Əli ibn Hüseyn (ə) yeni körpə dünyaya gəldiyini eşitdikdə ilk olaraq onun sağlam olub-olmadığını soruşarmış.

Seçim gələcəkdə bacı-qardaş arasında kin, həsəd, paxıllıq kimi hisslərinin oyanmasına şərait yaradır. Bir anlıq düşünün, əgər kiçik ikən uşaqlarınz arasında fərq qoysanız onlar arasında yaranacaq rəqabət mütləq yetkinlik yaş dövründə özünü biruzə verəcək və böyük ehtimalla, bu düşmənçiliklə nəticələnəcəkdir. Hər bir övlad valideyninin nəvazişindən faydalanmaq hüququna sahibdir. Bu qanunu pozmaq valideynin ən böyük səhvi, bağışlanmaz günahı olar. Peyğəmbərimiz nəinki övladları, hətta küçədə gördüyü uşaqlar arasında belə seçim etməz, onlara ilk olaraq özü salam verər, saçlarını oxşar, məhəbbət göstərərmiş.

Həzrəti Peybəmbər belə buyurmuşdur: "Övladlarınız arasında ədalətlə riayət edin. Necə ki, lütf və yaxşılıq barəsində onların sizin aranızda ədalətlə riayət etməsini istəyirsiniz".

Məhz buna görə övladlarımıza eyni sevgini göstərmək, onları yüksək insani keyfiyyətlərə sahib olan bir mömin olmağa həvəsləndirmək üçün böyük səy göstərmək və ən əsası müsbət hərəkətlərimizlə onlara örnək olmağı bacarmalıyıq.

Ata-ananın digər məsuliyyətli vəzifələrindən biri də övladına münasib gözəl ad seçməsidir. Övlada ad qoymaq valideynin malik olduğu təfəkkür tərzinin göstəricisindir. Ana-ata (qohumlar) körpəyə ad seçərkən son dərəcədə diqqətli olmalıdır ki, o, bu ada görə gələcəkdə utanmasın, cəmiyyətdə təhqir edilməsin, yaşıdları tərəfindən məsxərəyə qoyulmasın. Əgər hər hansı bir valideyn (qohum) uşağa ad seçərkən bu adın mənasının dərinliyinə fikir verməsələr, gələcəkdə yaranacaq hər hansı bir xoşagəlməzlik üçün valideyn cavabdehdir. Yaxşısı olar ki, İslam şəriətinin buyurduğu kimi uşaq dünyaya gəlməmişdən artıq ona ad seçilsin. Dinimizə görə övladlarınıza peyğəmbərimizin, onun əzizilərinin (Fatimeyi Zəhra, Xədicə, Zeynəb və s), imamlarımızın adları ilə yanaşı Əbdürrəhman, Əbdürrəhim, Abdullah kimi mübarək adlar qoymağınız məsləhətdir.

Ümid edirik ki, dinini və övladını sevən əsl mömin şəxs övladlarına nəvaziş göstərmək və onlara şəriətimizin buyurduğu münasib adları verməklə peyğəmbərimizin və Onun sevimli Əhli-Beytinin ənənəsini qoruyacaq, İslamı olduğu kimi pak gələcək nəsilə intiqal etdirəcəkdir.

Məqaləni paylaş

Rəyini bildir