psixoloq.info » Maraqlı » Məqalələr » Valideyn-övlad münasibətləri

Valideyn-övlad münasibətləri

Zumrud 1 624
Valideyn üçün dünyada övlad sevgisindən böyük nə var? O, bütün varlığı ilə uşaqlarının sağlam və xoşbəxt böyüməsi üçün çalışır. Övladın sevinci və uğuru valideynləri xoşbəxt edən və ürəkləri titrədən duyğudur. Övlad tərbiyəsi sosial əhəmiyyətli məsələdir. Uşağa bəslənən sevgi, göstərilən qayğı onun xoş sabahına qoyulan kapital kimidir. Müşahidələr göstərir ki, sevgi ilə böyüyən uşaq həmişə başqalarından bir addım qabaqda olur. Bu, bir həqiqətdir ki, yaxşı valideyn olmağı bacaranlar xoşbəxt uşaq və xoşbəxt gələcək yetişdirirlər.

Səbirli olmaq
Valideyn ən çətin vaxtlarda özünü ələ almağı, hisslərinə hakim olmağı bacarmalıdır. Uşaqlara icazə verilən və ya verilməyən məsələ açıqlanmalı, onlara bu barədə ətraflı izahat verilməlidir. Nə vaxtsa uşaq həmin qaydaları pozanda onu təmkinlə başa salmaq və gördüyü işin zərərli tərəflərini izah etmək lazımdır.

Pul barədə çox danışmamaq
Uşaqlar pulun dəyəri barədə danışmağı və tez- tez qənaət mövzusunda söhbətləri yaxşı qəbul etmirlər. Onsuz da onlar həyat qayğıları ilə üzləşəndə işləməyin və pul qazanmağın vacib ol-duğunu dərk edəcəklər. Uşaqlara heç də həyatda hər şeyin pulla bağlı olmadığı, onun ehtiyacları ödəyəcək kağız parçasından ibarət olduğu başa salınmalıdır.

Üzr istəmək mədəniyyəti
Səhv edərkən, yanlışa yol verərkən qürurlu davranıb üzr istəməmək, xətanı qəbul etməmək heç də yaxşı hal deyil. Çətin olsa da, hər kəs üçün səhvini başa düşüb üzr istəmək böyüklük əlamətidir. Səhv edəndən sonra üzr istəyə biləcəyini göstərmək uşaqlar üçün müsbət bir örnək olar və bu, uşaqları inadkarlıq və yalançılıqdan uzaqlaşdırar, onlara mərdlik hissi aşılayar.

Ətrafdakılara sevgi
Uşaq atasını, müəllimini, dostunu çox sevə bilər, lakin onun sevgisinə qısqanclıq göstərmək normal hal deyil. Uşaqların ətrafındakıları sevməyindən qürur duymaq lazımdır.

Asılılıqdan uzaq
Uşaqların ev tapşırıqlarını və ya etməli olduğu hansısa məsələləri yerinə yetirmək onda erkən yaşlardan kimdənsə asılılıq yaranmasına səbəb olur. Necə deyərlər, uşağa balıq vermək yox, ona balıq tutmağı öyrətmək lazımdır.

Uşaqlara vaxt ayırmaq
Nə qədər çətin olsa da, hər zaman yaxşı dinləyici olmaq və uşaqlara vaxt ayırmaq gərəkdir. Qarşıda onları uzun bir həyat gözləyir: uşaqlıq, yeniyetməlik, gənclik, ailə həyatı... Həyatın keşməkeşli yollarında onların öz valideynlərindən aldıqları dəstək və məsləhətlər şəxsiyyət kimi formalaşmağa kömək edəcəkdir. Uşaqların xoşbəxt olduğu məsələlərdə onlarla bir yerdə olmaq həm valideynə, həm də övladlara xoş təsir bağışlayır. Uşaqlar həyat sıxıntılarından uzaqlaşaraq valideynin sevgi dolu qucağına sığınır.

Gələcək həyata hazırlıq
Əgər uşaqlara hər şey hazır verilsə, bəs onda onlar gələcəkdə həyatın qarşıya çıxardığı qayğıları həll etməyi necə öyrənəcəklər? Həyat özü böyük məktəbdir və çox şey öyrədir, lakin bunların hamısı valideynlərin gözləri qarşısında olmalıdır.

Şərtsiz sevgi
Valideyn sevgisini qazanmaq üçün onların qarşısına şərtlər qoymaq və uşaqlara olan sevgini izhar etməkdə xəsislik göstərmək düzgün deyil. Sevgi üçün şərt irəli sürülməsi uşaqlar üçün ən böyük cəzalardan biridir. Uşaq hətta dərslərini pis oxuduqda, tapşırıqları düzgün yerinə yetirmədikdə də valideyn onu sevməkdən imtina etmədiyini nümayiş etdirməlidir.

Seçim sərbəstliyinə hörmət etmək
Uşağın peşə və sənət seçiminə sərbəstlik vermək lazımdır. Unutmaq lazım deyil ki, bu, onun həyatıdır və onu seçimlə əlaqədar verdiyi qərarlarda sərbəst və düzgün olması vacibdir. Heç vaxt buna görə əsəbiləşməyə, narahat olmağa dəyməz. Həyat onundur və qərarı da o özü verir. Uşaqların valideyndən fərqli düşünməsi və hər şeyə fərqli münasibəti normaldır, çünki o artıq bir şəxsiyyətdir.

Məqaləni paylaş

Rəyini bildir