psixoloq.info » Maraqlı » Məqalələr » Şəxsiyyətin formalaşmasında təlim-tərbiyənin rolu

Şəxsiyyətin formalaşmasında təlim-tərbiyənin rolu

Zamir 910
Cəmiyyətin inkişafı, qanunauyğunluqları, hadisələrin başvermə səbəbləri, hərəkətverici mexanizmi haqqında dialektik və metafizik inkişaf konsepsiyası mövcuddur. Təbii ki, insan-fərd bir varlıq kimi inkişaf edərək formalaşır. Bir çox görkəmli dünya alimləri fərdin inkişafına irsiyyət nöqteyi-nəzərindən yanaşmaqda haqlıdırlar. İnkişaf təbiət və cəmiyyət hadisələri ilə bağlıdır və hərəkətlə, tərəqqi ilə, yaradıcılıqla səciyyələnir. Bu, eyni zamanda mühit və tərbiyə ilə də şərtlənir. İnsanın inkişafı deyərkən 3 mühüm əlamət-fiziki anatomik-fizioloji inkişaf, yəni insanın bioloji fərd kimi inkişafı, psixoloji inkişafı və sosial inkişaf, insanın vətəndaş-şəxsiyyət kimi yetişməsi nəzərdə tutulur.

Bu əlamətlər ayrılıqda xüsusi kəmiyyət və keyfiyyət dəyərlərinə malikdir. Psixoloji inkişafa insanın idrak prosesinin, duyğuların, qavrayış və təsəvvürün, nəticə və təxəyyülün, diqqətin, nitq və təfəkkürün, hafizə və iradənin, necə təşəkkül tapması daxildir. İnsanın sosial inkişafı, onun cəmiyyətdəki iştirakı konkret adamlar və kollektiv üzvləri ilə münasibətdə özünü göstərir, ətraf aləmdə cərəyan edən hadisələrin müşahidəçisinə çevirir. Buna görə də insanın inkişafından danışarkən şəxsiyyət anlayışı önə çəkilir. Bu dəyərlər insanları mənəvi-sosial həyatda formalaşdırır və onları şəxsiyyət statusuna yüksəldir. Beləliklə, şəxsiyyət, onun maraqlarının və meyillərinin, temperamentlərinin funksional xüsusiyyətləri nəticəsində əmələ gəlmiş fərdi fərqlər sayəsində həyatda fəal mövqe tutur. İnsan dünyaya bioloji varlıq kimi gəlir, lakin bir şəxsiyyət kimi özünün fərdi həyatı və fəaliyyəti prosesində uzun və mürəkkəb yol keçərək yetkinləşir.

Hazırda cəmiyyətin qarşısında duran vəzifələrin yerinə yetirilməsi xeyli dərəcədə fəal və hərəkətli inkişaf etmiş şəxsiyyətin formalaşdırılması prosesinin səmərəliliyindən asılıdır. Şəxsiyyətin inkişafı ilə əlaqədar olaraq yalnız bugünkü təcrübənin deyil, həm də pedaqoji fıkrin zəngin ideyalarını nəzərə almaq lazımdır. Azərbaycan maarifpərvərləri şəxsiyyətin ən müsbət cəhətlərini onun cəmiyyətdəki münasibət və fəaliyyətində axtarmışlar, çünki münasibətlər insanın həyat təcrübəsinin nəticəsi olmaqla onun hərəkətlərini və daxili hisslərini müəyyənləşdirir.

Nəticədə insanın bir şəxsiyyət kimi formalaşması prosesinə təsir edən amillər haqqında müxtəlif fikirlər meydana gəlmişdi. Əsrlər, min illər boyu bu amillər içərisində üstünlük irsiyyətə verilmiş və belə bir fikir irəli sürülmüşdür ki, valideynlərdə müsbət və mənfi nə varsa övladlara keçir. İrsiyyət nəzəriyyəsinin hakim olduğu dövrlərdə zəka sahibləri həmin nəzəriyyəni qəbul etməklə yanaşı, tərbiyəyə böyük əhəmiyyət verirdilər. Elmin, təhsilin, tərbiyənin böyük gücünə inanan və onu təbliğ edən Nizami Gəncəvi bəzən irsiyyətin mütləq təsirini inkişafın əsas amili kimi götürürdü.

İnsanın cəmiyyətdə düzgün tərbiyə edilməsində bir sıra amillər mühüm rol oynayır. İnsan ayrı-ayrı yaş dövrlərində fiziki, psixi və mənəvi cəhətdən müxtəlif xüsusiyyətlərə malik olur, onun xarakterində müəyyən yeniliklər, dəyişikliklər yaranır. Buna görə də cəmiyyətimizin üzvü olan insan bilməlidir ki, hansı şəraitdə və hansı amillərin təsiri altında inkişaf edir, onun inkişafında irsiyyətin, mühit və tərbiyənin rolu nədən ibarətdir.

Bu məsələlərin dərindən öyrənilməsi və tərbiyənin roluna dair həm qədim dövrlərdə, həm də sonralar müxtəlif fikirlər irəli sürülmüş, uzun mübahisələr və tədqiqatlar aparılmışdır. Hələ qədim yunan mütəfəkkirləri Sokrat, Platon və Aristotel insan həyatında tərbiyənin böyük rolu olduğunu göstərmişlər. Platon (e.ə. 347-127-ci illər) "Qanunlar" əsərində yazmışdır: "İnsanı həqiqətən tərbiyə etsək o, ən sakit və ilahi məxluq olar". Bununla belə, sonralar başqa fikirlər irəli sürüldü. Məsələn, orta əsrlərdə insanın inkişafında irsiyyəti həlledici amil hesab edirdilər. "İrsiyyət nəzəriyyəsi" tərəfdarları belə deyirdilər ki, insanın qabiliyyəti, zəka, ideya və əxlaqi sifətləri, iradəsi ilə xasiyyəti anadan gəlmədir. Bu keyfiyyətlər uşaq doğularkən valideynindən ona irsən keçir. O vaxtkı iqtisadi və ictimai şəraitdən irəli gələn təlimə görə, bilikli, mərifətli, bacarıqlı insanlar böyüdükdə valideynlərinə oxşamalıdırlar.

Y.A.Komenski "Böyük didaktika" adlı əsərində yazırdı: "Bizə təbiət əxlaqı verirsə də, biliyi və xeyirxahlığı vermir". Komenski şəxsiyyətin inkişafı üçün məktəb, təlim-tərbiyə işini təkmilləşdirməyi, təlimin insan tərbiyəsi üzərində ciddi çalışmasını zəruri bilirdi.

İngilis filosofu Con Lokk (1637-1704-cü il) "İdeyaların fitriliyi" nəzəriyyəsinə qarşı çıxaraq, vaxtilə Aristotel tərəfindən qaldırılan bu ideyanın əsasında özünün məşhur "Fabula rasa" (ağ) nəzəriyyəsini irəli sürdü. Con Lokkun fıkirincə, insan dünyaya gəldikdə, irsən ona heç bir qüvvə verilmir. Uşağın ruhu ağ lövhəyə bənzəyir, bu təzə ağ lövhə üzərində tərbiyə vasitəsilə hər nə istəsən yazmaq olar. Uşaqda istənilən keyfiyyəti tərbiyə etmək, yaratmaq olar.

Cəmiyyət öz yerində saymır, daim inkişaf edir, tərbiyənin insan şəxsiyyətinin formalaşmasındakı rolu böyükdür. XIX əsrin utopik sosialistləri Sen Simon, Şarl Furye, Robert Ouen tərbiyənin qüvvəsinə həddindən artıq inanır, cəmiyyəti tərbiyənin gücü ilə dəyişdirməyə ümid edirdilər. Onlar insanı mühitin passiv, aciz məhsulu kimi qiymətləndirirdilər. XIX əsrdə yaşamış rus demokratları Çernışevski, Belinski, Dobrolyubov, Pisarev insan şəxsiyyətinin formalaşmasında tərbiyənin böyük rol oynadığını qeyd edirdilər. Onların fikrincə, yalnız şəxsiyyətin deyil, dövlətin, cəmiyyətin, ölkənin də taleyi gənc nəslin düzgün tərbiyəsindən asılıdır. Belinski yazırdı ki, həm həyat, həm ölüm, həm xilas olmaq, həm də məhv olmaq tərbiyədən asılıdır.Tərbiyə insan yaratmır, doğulmuş varlığın yaxşı və ya pis olmasına kömək edir. İnsanın inkişafına, şəxsiyyətin formalaşmasına, ictimai mühitin necə təsirinə dair elmə məlum 40-dan çox "homo ferus" mövcuddur. Dobrolyubov yazırdı ki, insanlarla ünsiyyətdə olmayan, meşədə heyvanlar arasında böyüyən adamlar vəhşiləşir, onların anlayışları inkişaf etmir.

Hind şahzadəsi Əkbər öz alimləri ilə mübahisə etmişdi ki, insanın insan olması üçün onun insan mühitində yaşaması zəruridir. Alimlər buna etiraz etdikdə o belə bir eksperiment aparmışdır. Hind, Çin, Benqal uşaqlarını anadan olan kimi valideyinlərindən almış, onları bağlı kameralarda saxlamış, uşaqları ünsiyyət, insani münasibətlər dünyasından məhrum etmişdir.Yeddi yaşında uşaqlar yalnız heyvani səslər çıxarmışlar. Elmə məlum olan bu cür faktları araşdıran nəzəriyyəçi Dubinin belə nəticəyə gəlir ki, insana mənəvi keyfiyyətlər irsən verilmir, bunlar tərbiyənin və ictimai mühitin nəticəsidir. İnsan şəxsiyyət kimi doğulmur. İnsanın fərdi inkişafı, onun şəxsiyyətinin formalaşması son mərhələdə ictimai həyat şəraitindən, ictimai münasibətlər sistemindən və istehsal münasibətlərdən asılı olur. İnsan ictimai münasibətlərin məcmusudur. İctimai mühit deyərkən insanın həyat fəaliyyətini, inkişafını əhatə edən xarici şərait nəzərdə tutulur. İctimai mühit daim dəyişir və yeniləşir. İnsan inqilabi fəaliyyəti vasitəsilə həm mövcud ictimai mühiti dəyişib öz arzusuna müvafiq qura bilir, həm də bu prosesdə fəal fəaliyyət göstərməklə öz təbiətini dəyişdirir. Tərbiyə sayəsində uşaqda yeni qabiliyyət və keyfiyyətlər yetişir, müəyyən xarakter yaranır və formalaşır. Uşaq təlim və tərbiyə vasitəsilə ictimai həyata hazırlanır, geniş dünyagörüşünə sahib olur.

Hazırda təlim prosesinin pedaqogika və psixologiya elmlərinin nailiyyətlərindən istifadə edilir. Şəxşiyyətin inkişafına təsir göstərən ictimai institutlardan, təlim-tərbiyə müəssisələrindən, məktəbdənkənar uşaq müəssisələrindən, mədəni-maarif ocaqlarından, ictimai təşkilatlardan, KİV-dən, cəmiyyətin əsas hüceyrəsi olan ailədən geniş şəkildə istifadə edilməsi tərbiyəvi təsir imkanlarını genişləndirir. Şəxsiyyətin formalaşmasında ailənin rolu böyükdür. Ailə insan üçün mədəni-məişət şəraiti yaradır, emosional həyat sahəsinə təsir edir, ilk sosial və mədəni təsəvvürlərin formalaşmasında, xarakterin təşəkkülündə vasitə rolunu oynayır. Həzrəti Məhəmməd əleyhissəlam, buyurmuşdur ki, ata övladına gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz. Uşaq böyüyür, məktəbə gəlir, onun həyatında yeni dövr başlayır. Müəllim də, valideyn də uşağa böyük təsir göstərir. Azərbaycanın dünya şöhrətli mütəfəkkiri N.Tusi valideynlərə məsləhət görürdü ki, uşaq süddən ayrıldıqdan sonra dərhal onu tərbiyə etməyə, ona nizam-intizam öyrətməyə başlamaq lazımdır. Şəxsiyyətin inkişafında orqanizmlə mühit arasındakı ziddiyyətlər meydana çıxır. Lakin bu ziddiyyətlər genişlənib konfliktə çevrildikdə inkişafın hərəkətverici qüvvəsi olmur. Burada inkişafla tərbiyəni bir-birindən təcrid etmək olmaz və onlar ziddiyyətlərin mübarizəsində davam edir. Məşhur tərbiyə nəzəriyyəçisi Monozson yazmışdır: "Tərbiyə və inkişafın hərəkətverici qüvvəsi daxili və xarici şərait sistemində ziddiyyətlərin mübarizəsidir. Daxili ziddiyyətlər şəxsiyyətin formalaşdığı bütün mərhələlərdə insanda yeni yaranmış tələbatları ödəmək vasitəsinin məhdudluğudur. Məhz bu ziddiyyət uşağı ilk yaşdan fəallığa təhrik edir. Uşaqların müstəqilliyə can atması yaşlılar arasında bəzən narahatlıq yaradır. Düzgün tərbiyə belə ziddiyyətləri asanlıqla aradan qaldırır, uşaqlarda müstəqilliyin inkişafına kömək edir. Əks təqdirdə, intizamın pozulması halları baş verir, mübahisə və digər neqativ vəziyyətlər yaranır. Tərbiyəçinin vəzifəsi şəxsiyyətin daxili qüvvələrini stimullaşdırmaqdan və onlara düzgün istiqamət verməkdən ibarətdir. Stimul deyərkən şəxsiyyətə zahiri təsir, onu müəyyən fəaliyyətə yönəltmək başa düşülür. Fəaliyyət insanın təlim və tərbiyə məqsədini müəyyənləşdirən amil kimi çıxış edir və onun bütün proseslərini bir-biri ilə sıx əlaqələndirir. Beləliklə, insanın inkişafında və onun bir şəxsiyyət kimi formalaşmasında ünsiyyət, mühit və tərbiyə amilləri qarşılıqlı surətdə mühüm əhəmiyyət daşıyır. Təlim və tərbiyə prosesində bunların nəzərə alınması vacibdir.

Təlim-tərbiyə milli dəyərlərimiz olan adət-ənənələrə uyğun əsas keyfiyyət-ləri insanın inkişafında formalaşdırır. Cəmiyyətdə yeni nəslin milli adət-ənənələrimiz ruhunda tərbiyə edilməsi hərtərəfli mənəvi keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır. Müstəqilliyimizin hazırkı mərhələsində gənc nəslin əxlaq tərbiyəsinin rolu və əhəmiyyəti xeyli artır. Milli şüurun artması, onun əxlaqi keyfiyyəti cəmiyyətin inkişafında vacib və önəmlidir. Məhz buna görə də təlim-tərbiyə məsələsi ön planda durmalıdır. Gəncləri milli adət-ənənələrimiz ruhunda tərbiyə etmək, onları mərd və cəsur tərbiyə etmək deməkdir.

Cəmiyyətdə yeni nəslin əxlaq tərbiyəsi gələcəyimiz üçün zəruri şərtdir. Ən mütərəqqi və insani əxlaqı olan Azərbaycan xalqının adət və ənənələri çox zəngindir.

Mühüm problemlərdən birincisi insanın cəmiyyətə münasibətidir, milli dəyərlərimizə və xalqımıza sədaqət, müstəqil respublikamıza məhəbbət, dövlətçiliyimizin xeyrinə vicdanla işləmək, milli sərvətlərimizi qoruyub saxlamaq, artırmaq qayğısına qalmaqdır.

İkinci məsələ insanların cəmiyyətdə bir-birinə qarşılıqlı münasibətidir. Buraya kollektivçilik və qarşılıqlı yoldaşlıq yardımı, vətəndaşlar arasında insanpərvərlik münasibətləri və qarşılıqlı hörmətdir.

Üçüncü məsələ insanın cəmiyyətdə mənəvi xasiyyətini təşkil edir, düzlük, mənəvi saflıq, ictimai və şəxsi həyatda çətinlik və təvəzökarlıqdır. Bu prinsiplər elə yüksək mənəvi-əxlaqi keyfiyyətləri ifadə edir ki, bunlara yiyələnmədən ümumi əxlaq prinsiplərinə yiyələnmək olmaz. Təlim-tərbiyə prosesi dərin məzmunlu geniş bir elmdir.


Ceyhun HƏSƏNOV

Məqaləni paylaş

Rəyini bildir