Rədd edilmək

Zamir 224
İnsanın dünyadakı mövqeyini təyin edən bəzi faktorları düşünün. Zəka, pul, ailə, xarakter, xarici görünüş, şöhrət, ətraf, güc, uğur və başqaları. Bu faktorlar hər dövrdə, `əhəmiyyət` kəsb etmək üçün fərqli nisbətlərdə olsa belə, `hər zaman` təsirli ola bildilər. Ancaq elə bir an olur ki, nəyə sahib olursunuz olun, həyatınızla bağlı bir böhran yaşamaqdan qaça bilmirsiniz. Bu an rədd edilmə anıdır.

Rədd edilmək, hansı mövqedə olmağımızdan asılı olmayaraq, hər insan üçün psixoloji bir imtahana çevrilir və biz də bugün bu psixoloji imtahanımızı, rədd edildiyimizdə canımızın niyə bu qədər ağrıdığının beynimizdəki cavabını, elmi şərhləri və tövsiyələri araşdırmağa çalışacayıq.

Əlbəttə, dünya həm gözəlliklər, həm də ağrılar ilə dolu olsa da `dünya görüşü` nöqtəsində bu iki anlayış bir-birinin ətalətini tez-tez pozur. İnsanlar ya qara düşünür, ya ağ. Özümüzü qoruya bilmək üçün dünyanın həqiqətlərini və içində olanlarını, artığı və əskiyi ilə qəbul etməmiz önəmlidir. Sadəcə dünyanın qaranlıq üzünə baxdıqca ağ üzünü bir müddət sonra görməməyə başlayırıq. Digər tərəfdən, sadəcə ağ tərəfə baxsaq bir müddət sonra qaranlıqları işıqlandırma nöqtəsində “desensisizasiya” içinə düşürük.

Rədd edilmək ağrısı da üzümüzü qaranlığa çevirmə potensialına sahibdir. Həm də az hesab edilə bilinməyəcək qədər. “Dünyada bu qədər dərd var, rədd edilməyimi düşünəcəyik?” deyirsizsə, daha fərqli şəkildə açıqlamaq istəyərdim. Çox böyük çətinliklər ilə (savaş, köç, aclıq, ölüm, xəstəlik) qarşı-qarşıya olan çox insan üçün əlbəttə, rədd edilmək önəmsiz ağrıdır, ancaq bu çətinliklər içindəki insanları bu nöqtəyə gətirən digər insanlar, bəlkə rədd edilmə ağrısı ilə bütün bu ağrıları yaratmışdır. Çünki rədd edilmək həyatın hər parçasında qarşımıza çıxacaq bir anlayışdır, təkcə emosional deyil.

İşə qəbul edilmə, bir məktəbə qəbul edilmə, bir ölkəyə qəbul edilmə, bir xəyalınız üçün qəbul etdirmək məcburiyyətində olduqlarınız və neçə belə vəziyyətlər. Bu vəziyyətlərdə yaşadığımız rədd edilmələr, davranışlarımıza, qərarlarımıza təsir edir. “Rədd edilmə” həm fərdi, həm ictimai, həm də siyasi mövqedən, mövzuları fərqli olsa da bizləri qərar verməli olduğumuz vəziyyətlərin içinə salır. Yaxşı, bəs araşdırmalar nə deyir?

Psixoloq Qay Vinçin (Guy Winch) analizi:
“Rədd edilmə riskimizin əvvəlcədən yaxın sosial ətrafımızla sərhədli olduğunu, ancaq indiki sosial media ilə hər birimiz yüzlərcə, hətta minlərcə insana bağlı olduğumuzdan, paylaşdıqlarımızın və ya mesajlarımızın sosial mediada insanlar tərəfindən görməzdən gəlinməsi kimi bəsit bir şey belə rədd edilmə hissinə qapılmağımıza səbəb ola bilər”

Bu kiçik rədd edilmələrin bir sıra, çox böyük, yandırıcı rədd edilmə təcrübələrdə, məsələn: tərk edildiyimizdə, işdən çıxarıldığımızda, dostlarımız tərəfindən xaric edildiyimizdə, ailəmiz tərəfindən rədd edildiyimizdə, bizi iflic edə biləcək qədər böyük ağrılar hiss etmənin mümkün olduğu da qaçınılmazdır.

Niyə?
Araşdırmalar, beynimizin belə reaksiya verməyə proqramlı olduğunu deyir. Bu mövzuda aparılan araşdırmada, iştirakçılar MRİ maşınına bağlanır və yaşadıqları hər hansı bir rədd edilmə təcrübəsini xatırlamaları istənir. Rədd edilmə ağrısının xatırlanması, beynin fiziki ağrıya məruz qaldığımızda xəbərdar edilən bölmələrini xəbərdar edir.

Psixoloqlara görə, bu acı hiss, bir insanın tək başına həyatda qalması mümkün olmadığı üçün, təcrid edilmək ölümə məhkum edilməklə eyni şey sayıldığı qəbilə dövrlərindən bizə təkamül yolu ilə ötürülməsidir. Bu ötürülmə, qəbilə üzvlərimiz tərəfindən təcrid edilmək vəziyyəti yarandıqda, əvvəlcədən xəbərdarlıq sistemi yaratmağımızdan qaynaqlanır. Yəni rədd edilmə ağrısını daha çox hiss edən insanlar, davranışlarını dəyişdirərək qəbilədə qala bilmiş və genlərini ötürə bilmişlər.

Emosional ağrının yanında, rədd edilmək eyni zamanda özgüvənimizə də zərər verir, özümüzə və başqalarına nifrət hissini artırır, mənfi cəhətlərimizə fokuslanma, özümüzü yarımçıq görmə kimi davranışları ortaya çıxarır. Biz isə aldığımız yaranı yaxşılaşdırmağa çalışsaq da ümumi tendesiya daha çox yaranı qanatmaq üzərinə olur.

Nə etməliyik?
Marketinqdə “SWOT Analiz” deyə bir anlayışdan istifadə edilir. Şirkətlər güclü, zəif tərəflərini, fürsətlərini və təhdidlərini analiz etmək üçün bu anlayışdan istifadə edir.

Tənqid edərkən, rədd edilmə ağrısı ilə insanlar zəif yönlərinə daha da fokuslanıb özü-özünü girdaba salmağa meyilli olsa da, özünüzü tənqid edərkən ədalətli olun və güclü tərəflərinizi gözdən qaçırmayın. Həyatınızdakı imkanlarınızı görə bilin. Gözəl imkanlarınızı, özü-özünüzə yaşadığınız döyüşün təhdidlərinə təslim etməməyinizin vacibliyini anlayın.

Elm adamları da rədd edilmə ağrısı ilə özümüzü qəddarcasına tənqid etməkdən qaçmağımızı, özgüvənimizi qorumağı, sosial əlaqələrimizi xatırlamağımızı məsləhət görürlər.

Rədd edilmə sizdən asılı olmayan səbəblərdən əmələ gəlmiş problem ola bilər. Bunu unutmamalısınız. Tənqid etmək, zaman-zaman artıq və əskikliklərimizlə özümüzü sorğu-sual etmək, bizlər üçün fərqlənməkdə çox önəmli addımdır. Amma zehninizin yazdığı ssenarilərin oyununa gəlməyin. Hansı sahədə, hansı mövzuda rədd edilsəz də təkcə əksikliklərinizə fokuslanıb özünüzə hücum etməyin. Əksikliklərimiz bizim inkişaf etməyimizdə bir cığır olmalıdır. Doğru suallar soruşmaq, dürüst olmaq, müsbətlərimizi unutmamaq bizləri qaneedici yaxşı cavablara yaxınlaşdırar.


Tərcümə etdi: Şəhriyar Yaqubov
Redaktə etdi: Aysel Əliquliyeva


Məqaləni paylaş

Rəyini bildir